Sehid Mehman Yusifov

Şəhid Mehman Yusifov

18 İyul 1979
Ümumi məlumat

Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub.

1985–1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında iki oğlu Fatimə adında isə qızı yadigar qalıb.

Mehman 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin " Gizir hazırlığı kursu"nu bitirib .

Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyul 2002-ci il tarixli əmri ilə " gizir " rütbəsi verilən Yusifov Xızı rayonunun Yaşma qəsəbəsində "N" saylı hərbi hissədə vəzifəyə başlayır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edən Yusifov Mehmana Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2013-cü il tarixli əmri ilə " baş gizir " hərbi rütbəsi verilir. Yusifov xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (sanitar), rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi — texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində ön cəbhədə savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Yusifov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov şəhidliyindən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Qəhrəmanımız, həmçinin, şəhidliyindən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.