Sehid Fuad Tagiyev

Şəhid Fuad Tağıyev

01 Noyabr 1996
Ümumi məlumat

Fuad Tağıyev 1996-cı il noyabrın 1-də Sabirabad rayonunun Ətcələr kəndində dünyaya gəlib. 2014-cü ildə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbini bitirib.

Fuad 2014-2016-cı illərdə əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin, sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli hərbi xidmət qulluqçusu olub. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq xidmət edirdi. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşaraq fərqlənib.

Şəhidimiz 2018-ci ildə "kiçik gizir" rütbəsi ilə xidmətini davam etdirib. 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi“ münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunub.

Azərbaycan Ordusunun kiçik giziri olan Fuad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Tağıyev oktyabrın 28-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhadətə yüksəlib. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidimiz, həmçinin,  "Cəbrayılın azad olunmasına görə",  "Hərbi xidmətlərə görə",  "Xocavəndin azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.