Sehid Eli Quliyev

Şəhid Əli Quliyev

09 Sentyabr 1984
Ümumi məlumat
Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. Yeniyetmə çağlarında torpağa, Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Əli xidməti dövründə də nizamlı əsgər olaraq fərqlənib.
 
Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan qəhrəmanımız öz istəyilə müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. Nizam-intizamı ilə fərqlənən Əli xidmətini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirib.
Qəhrəmanımız ömrünün tən yarısını, yəni 18 ilini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Onun həyatda ən böyük məqsədi illərlə düşmən tapdağında qalmış torpaqlarımızı azad etmək olub. 
Əli hələ 2016-cı il aprel döyüşlərindən düşmənə qarşı igidliklə vuruşub və həmin dövrdən fərqlənən əsgərlərdən biri idi.
 
Sentyabrın 27-dən Vətən Müharibəsinin ön cərgələrində yer alan şəhidimiz bacarıqlı və təcrübəli snayper kimi düşmənin xeyli canlı qüvvəsini məhv edib. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda gedən döyüşlərdə fəallıq göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında birbaşa iştirakçı olub. Hətta döyüşlərin birində ayağından ağır yaralansa da, döyüş meydanını tərk etməyib.
 
O, oktyabrın 26-dan 27-ə keçən Xocavənd uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Əli sanki öləcəyini öncədən hiss edərək ailəsinə zəng vurub halallıq istəyirmiş... Şəhidimiz ailəli olub, iki oğul yadigar qalıb. 
 
Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Əli Quliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.