Sehid Beyrek Fezullayev

Şəhid Beyrək Fezullayev

30 Aprel 1997
Ümumi məlumat
Beyrək Seyfulla oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində dünyaya gəlib. 2003-cü ilə Malıx məktəbinə daxil olub. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinfə davam edib. 2014-cü ildə məzun olub.

 

Beyrək 2016-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aydan sonra buranı da müvəffəqiyyətlə bitirərək "qırmızı beret" sertifikatını qazanıb.
 
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Beyrək Feyzullayev 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Təkcə süngü-bıçaqla onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə saatlarınd düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşüb. 22 XTQ döyüşçüsü, 49 əsgər məhv edib. Döyüşdən 2 şəhid, 5 yaralı olaraq ayrılıblar. O, 2 şəhiddən biri olan Beyrəyə 3 metr məsafədən 4-5 güllə dəyib. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, bədəni buna daha artıq tab gətirə bilməyib və Beyrək şəhidlik zirvəsinə ucalıb. 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbristanlığında dəfn edilib.

Beyrək şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib. Mərd və qorxubilməz olub şəhidimiz.
 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra  "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.



Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.