Sehid Asiman Allahverdiyev

Şəhid Asiman Allahverdiyev

26 Avqust 1998
Ümumi məlumat
Asiman Allahverdiyev 1998-ci avqustun 26-da Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər İnternat tipli Gimanziya məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə çağırılıb.
 
Hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində uzun müddətli xidmət keçib. Kəşfiyyatçı olaraq döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyi üçün komandirləri tərəfindən dəfələrlə diplom, təşəkkür və hədiyyələrlə təltif olunub.

Azərbaycan Ordusunun əsgəri olan Asiman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocəvənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

Xüsusi təyinatlı qrup giziri, qəhrəman Asiman Allahverdiyev Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan biri olub.

2020-ci il, oktyabrın 9-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
 
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asiman Allahverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Asiman Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.