Sehid Asef Agayev

Şəhid Asəf Ağayev

24 Noyabr 1993
Ümumi məlumat

Asəf Ağayev 24 noyabr 1993-cı ildə Qax rayonunda dünyaya gəlib. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2012-ci ildə bitirib. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.

O, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlayıb.

Asəf 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlayan İkinci Qarabağ müharibəsində savaşıb. Cəbrayılın, Xocavəndin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak edib.

Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhadətə yüksəlib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.