Kimlikləri illər sonra bilinən şəhidlərimiz dəfn olundu

Kimlikleri iller sonra bilinen sehidlerimiz defn olundu

Birinci Qarabağ müharibəsinin şəhidləri Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları iyunun 27-də Xaçmazda torpağa tapşırılıb.

 
Zeferinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlər Hörmət Baratov Nərəcan, Şahlar Ağayev Ağçay, Adıgözəl Qasımov isə Keymərəz kəndində dəfn olunublar.
Dəfn mərasimlərində şəhidlərin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.
 
 
Şəhid Baratov Hörmət Beytulla oğlu 1975-ci ildə Xaçmazın Nərəcan kəndində anadan olub. Aildə üç qardaşın ən kiçiyi idi. 1994-cü ildə hərbi xidmətə yollanan Hörmət Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb. 1994-cü ilin aprel ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Hörmətin ailəsinə onun itkin düşdüyü barədə məlumat verilib. Ailəsi 30 il ərzində ondan xəbər ala bilməyib.
 
Şəhid Ağayev Şahlar Hüseynağa oğlu 1973-cü ildə Xaçmaz rayonunun Ağçay kəndində dünyaya göz açıb. Orta məktəbdən sonra peşə məktəbində təhsil alıb. 1992-ci ildə hərbi xidmətə yollanıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü 1992-ci ilin iyul ayının 19-da olub və o gündən itkin düşmüş kimi qeydə alınıb.
 
Şəhid Qasımov Adıgözəl Əmirsoltan oğlu 1971-ci ildə Xaçmaz rayonunun Keymərəz kəndində doğulub. Hərbi xidmətini keçmiş sovet ordusunda keçib. 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb. Laçın və Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşüb.
 
Aparılan araşdırmalardan sonra şəhidlik zirvəsinə ucalmış xaçmazlı döyüşçülərin Bakı şəhərindəki I və II Şəhidlər xiyabanında tanınmadan dəfn olunduğu müəyyənləşib.