Zəngilanda "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzusunda panel müzakirələr keçirilib
Zəngilanda "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzusunda panel müzakirələr keçirilib.
Zeferinfo.az "Report" a istinadən xəbər verir ki, panel müzakirənin moderatoru Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov olub.
COP29 Təşkilat Komitəsinin üzvü, "Smart Nation" platformasının təsisçisi Şəbnəm Məmmədova çıxış edərək yeni nəsil peşələrin hazırlanması prosesi haqqında məlumat verib: "Ekoloji problemlərin gündəmə gəlməsi yeni texnologiyaların tətbiqini, innovativ layihələrin hazırlanmasını vacib edir. COP29-un Azərbaycanda keçirilməsi ölkədə bu sahədə görülən işlərə də ciddi təsir edir. Xüsusilə "yaşıl enerji" ilə bağlı layihələrin tətbiqi, elektrikli avtomobillərə keçidin sürətlənməsi, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsi, ekoloji problemlərin aradan qaldırılması və s. buna nümunə ola bilər. Həmin gəncləri yeni sahələrə maraq göstərməyə çağırıb".
COP29 Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova isə dünyada və Azərbaycanda bərpa olunan enerjiyə keçidlə əlaqədar görülən işlər haqqında məlumat verib: "Naxçıvanın 100 faiz "yaşıl enerji"yə keçidi yüksək nailiyyətdir".
COP29-un Təşkilat Komitəsinin üzvü "Ekosfera" Sosial Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə söyləyib ki, iqlim dəyişikliyi ilə əlaqədar gənc nəsilin düzgün istiqamətləndirilməsi, maarifləndirmə tədbirləri çox vacibdir: "Ağalı kənd məktəbində pilot layihə kimi həyata keçirilən "Yaşıl məktəb" layihəsinin uğurlu olduğu və bunun digər məktəblərdə də təşkil edilməsi vacibdir".
Ekspert İsa Əliyev qlobal iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılmasında həmrəyliyin vacib olduğunu vurğulayıb: "Azərbaycan nümayəndələri dünya ölkələrində keçirilən hər COP tədbirində iştirak ediblər. Artıq Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu, əhəmiyyətli tədbir olmaqla bərabər, dövlətin iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizəyə önəm verdiyini sübut edir".
Çıxışlardan sonra panel müzakirələr sual-cavab prosesi ilə davam edib.