Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında başladı və artıq oktyabr ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi.
Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində strateji əhəmiyyətli bir addım oldu və Zəngilan şəhəri 27 illik işğal dönəmindən sonra öz azadlığına qovuşdu.
Zəngilanın azad olunması ilə Azərbaycan xalqı yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, milli ruhunu bir daha nümayiş etdirdi. Zəngilanın işğaldan azad edilməsindən sonra bu ərazilərdə yenidənqurma işləri başladı. Şəhərin infrastrukturunun bərpası, yolların çəkilişi, yeni məktəblərin, xəstəxanaların tikilməsi və yerli əhalinin qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Zəngilan təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının bir parçasıdır.
Zəngilan Şəhəri Günü böyük coşqu ilə qeyd olunur. Bu azad edilmiş torpaqlara qayıdan insanların sevincini və yeni həyata başlamalarını simvolizə edir. Zəngilan Şəhəri Günü təkcə bir qələbənin yox, həm də milli birliyin, iradənin və gələcəyə inamın təntənəsidir.
Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 2022-ci ilin oktyabrında Füzulidən sonra Zəngilanda da hava limanı istifadəyə verilmişdir. Bu gün Zəngilanda nəhəng nəqliyyat layihələri həyata keçirilir. Horadiz-Zəngilan quru yolu, Horadiz-Zəngilan-Ağbənd dəmiryolu nəinki ölkəmiz üçün, ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb edir. Bu yol gələcəkdə açılacaq Zəngəzur dəhlizinin mühüm hissəsidir.
Naxçıvandan Zəngilana cəmi 40 km məsafə var. Dəhlizin açılması Naxçıvanla quru əlaqəsi üçün böyük əhəmiyyətə malikdir. Bundan əlavə bu dəhliz insanlarımızın Qərbi Zəngəzura qayıdışı deməkdir. Bu dəhliz yüklərin daha sürətli daşınması deməkdir.Və ən nəhayət bu dəhliz Türk dünyasının birliyi üçün çox böyük rola malikdir.
Bu gün Zəngilanda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir. 2025-ci ildə Zəngilan şəhərinə ilk sakinlərin köçürülməsi planlaşdırılır. Görülən işlər onu deməyə əsas verir ki, Zəngilan çox qısa vaxt ərzində ölkəmizin və regionun ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək, ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarından biri olacaqdır! Cənab prezidentin də dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq!