Zəngilan rayonu bu gün Azərbaycanın Böyük Qələbə sonrası yeni dövrünün simvollarından birinə çevrilib
Zəngilan rayonunun 1993-cü il işğalı Azərbaycan tarixində unudulmaz faciələrdən biridir. 67 günlük mühasirədə göstərilən qəhrəmanlıq, son anda canlarını qurtarmaq üçün Araz çayını keçən ailələr və düşmən işğalı zamanı törədilmiş vandalizm – bütün bunlar Zəngilanın yaddaşına əbədi həkk olunub. 1993-cü ildən etibarən 27 il müddətində Zəngilanlılar Vətənin həsrətini çəkdi. Lakin 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində bu işğala son qoyuldu. 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Ordusu rəşadətlə irəliləyərək 20 oktyabr 2020-ci il tarixində Zəngilan şəhərini və rayonun bir çox yaşayış məntəqələrini işğaldan azad etdi. Bu hadisə yalnız hərbi deyil, həm də mənəvi və tarixi baxımdan böyük əhəmiyyətə malik idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Zəngilan yenidən Azərbaycan xalqına qovuşdu. Zəngilanın azad olunması Azərbaycanın geosiyasi və təhlükəsizlik baxımından böyük üstünlük əldə etməsinə səbəb oldu. Belə ki, Ermənistan tərəfindən işğal olunmuş 132 kilometr uzunluğundakı Azərbaycan–İran dövlət sərhədi tam bərpa edildi. Azərbaycan bu sərhədi nəzarət altına alaraq təhlükəsizlik və suverenliyini təmin etdi. Müharibədən dərhal sonra sərhəd boyunca istehkamlar, nəzarət-buraxılış məntəqələri, hərbi mövqelər yaradıldı. Bu hadisə həm regionda sərhəd təhlükəsizliyinin güclənməsinə, həm də Azərbaycanın İranla olan qonşuluq əlaqələrinin sabit şəkildə davam etməsinə şərait yaratdı. Bu, Zəngilanın 27 illik əsarətinə son qoyan şanlı bir gün idi. 20 Oktyabr bu mənada təkcə bir şəhərin azad olunması deyil, həm də bir xalqın dönməz iradəsinin, milli birliyinin və haqq savaşının simvoludur. Bu tarix həm hüzn, həm də qürur günü kimi qeyd edilir. Zəngilan geri döndü. Tarix və ədalət bərpa edildi. Bu torpaqlar artıq azaddır və əbədi olaraq Azərbaycanındır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə ölkənin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu qərar yalnız sadə bir tarix seçimi deyil, Azərbaycan xalqının zəfər yolunu əbədiləşdirmək, azad olunmuş şəhərlərin tarixini dövlət səviyyəsində yad etmək, onların yeni inkişaf dövrünü simvolik olaraq qeyd etmək məqsədi daşıyırdı. Sözügedən Sərəncamla 20 Oktyabr – Zəngilan şəhəri günü kimi rəsmi olaraq müəyyən edildi. Bu tarix təsadüfi deyil – 2020-ci ilin məhz 20 oktyabrında Zəngilan şəhəri rəşadətli Azərbaycan Ordusu tərəfindən 27 illik işğaldan azad olunmuşdu. Beləliklə, bu gün həm azadlıq, həm qələbə, həm də təzədən doğuluş günüdür.
2020-ci ilin Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində işğaldan azad edilən Azərbaycan torpaqları artıq inkişaf və dirçəliş mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev Vətən müharibəsindən sonra bir neçə dəfə Zəngilan rayonuna səfər edib. Bu səfərlərin hər biri tarixi, simvolik və praktiki baxımdan mühüm hadisələr olmuşdur. Ali Baş Komandanın azad olunmuş Zəngilan şəhərinə ilk dəfə 2021-ci ilin oktyabr ayında səfər etdi. Bu səfər zamanı Zəngilan Beynəlxalq Hava Limanının təməli qoyuldu. “Ağıllı kənd” layihəsi çərçivəsində Ağalı kəndinin bərpası işləri ilə tanış oldu. Zəngilanın baş planının hazırlanması ilə bağlı göstərişlər verildi. Prezident çıxışında qeyd etdi: “Zəngilanı biz bərpa edəcəyik, daha da gözəl edəcəyik. Bura həyat qayıdacaq”. Bu dönüş təkcə hərbi zəfərlə deyil, həm də mülki həyatın bərpası, əhalinin öz doğma torpaqlarına qayıdışı və davamlı inkişaf strategiyası ilə müşayiət olunur. Bu çərçivədə həyata keçirilən ən böyük proqramlardan biri “Böyük Qayıdış”dır. Bu dövlət proqramı azad edilmiş ərazilərin bərpası, infrastrukturun qurulması və köç prosesinin təmin edilməsi üçün hazırlanmış genişmiqyaslı strateji yol xəritəsidir. Bu bölgələrdən biri də Zəngilan rayonudur – Azərbaycanın cənub-qərbində yerləşən, işğaldan sonra sürətli şəkildə bərpa olunan strateji əhəmiyyətli ərazi. Zəngilanın bərpası yalnız texniki və sosial layihələrdən ibarət deyil. Bu proses elmi əsaslara və uzunmüddətli planlaşdırmaya söykənir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabr tarixində mühüm qərar qəbul etmişdir. “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” təsdiq olunmuşdur. Bu sənəd Zəngilanın gələcək 15 illik dövrü üçün şəhərsalma strukturunu, nəqliyyat şəbəkəsini, yaşayış zonalarının bölgüsünü, sosial infrastrukturun qurulmasını, ekoloji sabitliyi və ətraf mühitin qorunmasını əhatə edən kompleks inkişaf xəritəsidir. Baş Planın məqsədi təkcə binalar və yollar salmaq deyil, insanların rifah içində yaşaya biləcəyi müasir, dayanıqlı və ağıllı bir şəhər modeli yaratmaqdır. Baş plan təsdiq edildikdən sonra dövlət vəsaiti, beynəlxalq tərəfdaşlıqlar və özəl sektorun iştirakı ilə Zəngilanda irimiqyaslı tikinti və bərpa işlərinə start verilib.
“Böyük Qayıdış” proqramı çərçivəsində artıq Zəngilanın bəzi kəndlərinə əhali qayıdıb. Növbəti mərhələdə isə Zəngilan şəhərinin ilk sakinləri doğma yurdlarına qayıdıblar. Bu proses yalnız fiziki köç deyil – mənəvi yenidən doğuluşdur. Uzun illər didərginlik həyatı yaşamış zəngilanlılar artıq öz evlərində yeni bir həyata başlayacaqlar. Bu qayıdış dövlətin yaratdığı təhlükəsizlik və sosial təminatlar, yeni infrastruktur, təhsil və səhiyyə xidmətləri ilə müşayiət olunur.
Zəngilan rayonu geosiyasi baxımdan mühüm ərazidə yerləşir – İranla sərhəddədir, Zəngəzur dəhlizinin əsas keçid nöqtələrindən biri kimi önə çıxır. Bu rayonun bərpası təkcə yerli əhali üçün deyil, Azərbaycanın regional və beynəlxalq ticarət siyasəti üçün də həyati əhəmiyyət daşıyır. Zəngilanın inkişafı Qarabağ və Şərqi Zəngəzurun vahid iqtisadi zonaya çevrilməsinə, Naxçıvan və Türkiyə ilə birbaşa bağlantıların qurulmasına, regionda sabitlik və tərəqqiyə töhfə verməsinə xidmət edəcək.
Zəngilan rayonu bu gün Azərbaycanın Böyük Qələbə sonrası yeni dövrünün simvollarından birinə çevrilmişdir. “Böyük Qayıdış” proqramı ilə bərpa olunan bu torpaqlar, təhlükəsizlik, rifah və gələcəyə inamın rəmzidir. 2040-cı ilədək olan Baş Plan – təkcə inşaat sənədi deyil, ümidlərin, xatirələrin və gələcəyin planıdır. Zəngilan artıq dirçəlir. Zəngilanlılar qayıdır. Və bu qayıdış – əslində bir millətin yenidən yüksəlişinin tarixidir. Zəngilan rayonu Azərbaycanın təkcə sərhəd bölgəsi deyil, həm də milli kimliyinin və tarixi yaddaşının mühüm hissəsidir. Onun strateji mövqeyi, təbii sərvətləri və zəngin mədəni irsi bölgəni xüsusi əhəmiyyətli edir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent