“Zəfər yolu – elmin və biliyin gücü” adlı layihəsi əsasında keçirilmiş bilik yarışlarının final mərhələsi keçirildi

“Zefer yolu – elmin ve biliyin gucu” adli layihesi esasinda kecirilmis bilik yarislarinin final merhelesi kecirildi

Cari ilin oktyabrın 12-dən Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qarant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” adlı layihənin icrasını təmin etmək məqsədilə altımərhələli intellektual bilik yarışının final mərhələsi dekabrın 21-də keçirildi. Xatırladaq ki, layihənin rəhbəri Xırdalan şəhər Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.

Dekabrın 7-də yarışın yarımfinal mərhələsi keçirilmiş, Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çıxmışdılar. Dekabrın 21-də keçirilmiş yarışın final mərhələsində həmin komandalar bilikləri ilə qələbə uğrunda mübarizə apardılar. Qalib Xırdalan şəhər 1 nömrəli tam orta məktəbi təmsil edən “Abşeronun dahi abitiriyentləri” komandası oldu.
Finalda bütün komanda üzvlərinə təşəkkürnamə və hədiyyələr, qalib komandaya isə kubok və xüsusi hədiyyələr verildi.
Onu da qeyd edək ki, tədbirdə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Vüsal Süleymanov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektoru üzrə əməkdaşı, şəhid baş leytenant Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə, Vətən müharibəsi qəhrəmanı, şəhid Veysəl Musibovun anası Səməngül Musibova, birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Edik Quliyevin qızı Turanə Quliyeva, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin hərbi müəllimi, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Rövşən Quliyev, ll Qarabağ müharibəsi iştirakçısı, polkovnik Nəsib Əhmədov, ll Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Ayaz Qasımov, ll Qarabağ müharibəsi iştirakçısı, qazi Elvin Rəsulov, Yasamal rayon 13 nömrəli tam orta məktəbin müəllimi Vəfa Rəhimova və 83 nömrəli məktəb-liseyin müəllimi, yarışda istifadə edilmiş sualların tərtibatçısı Kəmalə İslam yüksək səviyyədə həyata keçirilmiş layihənin əhəmiyyətindən danışaraq, şagirdlərin biliyinə, vətən müharibəsi iştirakçılarına və onların ailələrinə göstərdikləri xüsusi diqqətə görə zəhməti olan hər kəsə təşəkkürlərini bildirib, uğurlar arzuladılar.
Tədbir Xırdalan şəhər 11 nömrəli musiqi məktəbinin istedadlı yeniyetmələrinin bir-birindən gözəl ifaları ilə başa çatdı.

 Tural Quluzadə