Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir

Yuri Qusev: Ukrayna Yekaterinburqda azerbaycanlilara qarsi repressiv hereketleri qetiyyetle pisleyir
Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.

Zeferinfo.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

"Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən Rusiya repressiv aparatını digər dövlətlərin vətəndaşlarına da qarşı yönəldir", - səfir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya güc strukturları tərəfindən törədilmiş bu qanunsuz zorakılıq aktı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) və ictimaiyyətinin haqlı reaksiyasına səbəb olub.

"Belə bir reaksiya təkcə məntiqi deyil, həm də müasir Rusiyada milli azlıqların hüquqlarının sistematik şəkildə pozulduğu, güc strukturlarının özbaşınalığının isə normaya çevrildiyi bir şəraitdə zəruridir", - o bildirib.

Ukraynanın artıq uzun illərdir müxtəlif xarakterli cinayət əməllərində özünü göstərən Rusiya təcavüzü ilə üzləşdiyini xatırladan Y.Qusev Ukrayna və Azərbaycan xalqlarını qarşılıqlı dəstək göstərməyə çağırıb. O, həmçinin beynəlxalq ictimaiyyəti zərər çəkmiş azərbaycanlılara qarşı baş vermiş zorakılıq aktına reaksiya verməyə çağırıb.

"Dünya bu cinayətə reaksiya verməlidir. Susqunluq yalnız cəzasızlığa şərait yaradır. Nə Yekaterinburqda, nə Kiyevdə, nə də başqa bir yerdə belə faciələrin təkrarlanmaması üçün Moskvaya siyasi, diplomatik və sanksiya təzyiqi gücləndirilməlidir", - o əlavə edib.