Dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı da tədbirin yüksək statusunu təsdiqləyir. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın qlobal enerji bazarlarında oynadığı rol Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının və Prezident İlham Əliyevin həmin ideyalar əsasında davam etdirdiyi kursun nəticəsidir. Məhz bunun nəticəsidir ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib. Dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirir. Prezident bunu nəzərə alaraq deyib ki, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.
Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür. Azərbaycan 44 günlük Vətən müharibəsində işğalda olan torpaqları azad etdikdən sonra həmin ərazilərdə alternativ enerji mənbələrinin yaradılması üçün mühüm addımlar atıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpaolunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir.
Azərbaycan dünyanın enerji siyasətində, enerji təhlükəsizliyində təkcə ənənəvi enerji ilə deyil, həm də “yaşıl enerji” potensialı ilə mühüm oyunçuya çevrilir. Prezident İlham Əliyevin rəsmi açılış mərasimindəki çıxışında söylədiyi kimi, ölkəmizin yaşıl enerji gündəliyi çox genişdir:
“Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər, məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir”.
Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Azərbaycan yaşıl gündəliyini genişləndirməklə bərpaolunan enerji istehsalını artırır və qaz ehtiyatlarına qənaət etməklə 2030-cu ilə qədər Avropa İttifaqı ölkələrinə əlavə 8 milyard kubmetr mavi qaz ixrac etmək potensialına malik olacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz regionda və qlobal səviyyədə strateji təşəbbüslərin müəllifinə çevrilib ki, bu da təkcə Azərbaycana deyil, bütöv bir coğrafiyaya fayda verir.