YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib
Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar faciəsinə dair videoçarx nümayiş olunub.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində müstəsna yer tutduğunu bildirib. O qeyd edib ki, 1990-cı ilin qanlı yanvar hadisələri xalqımızın iradəsini sındırmadı, əksinə, azadlıq əzmini daha da gücləndirdi və müstəqil dövlət quruculuğu yolunda dönüş nöqtəsi oldu.
Muxtar Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrindən dərhal sonra faciənin dünya ictimaiyyətinə çatdırılması və sovet rəhbərliyinin bu qanlı əməlinin ifşa olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirib. “1990-cı il yanvarın 21-də Moskvada, həyatına real təhlükə olduğu bir vaxtda keçirdiyi mətbuat konfransında Ulu Öndər bu hadisəni açıq şəkildə ‘qanlı cinayət’ adlandıraraq xalqımızın haqq səsini dünyaya çatdırdı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi”, – deyə o əlavə edib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva çıxışında 20 Yanvar hadisələrinin gənc nəsil üçün böyük vətənpərvərlik məktəbi olduğunu bildirib. O qeyd edib ki, bu faciə Azərbaycan xalqının azadlıq ideallarına sədaqətinin bariz nümunəsidir və gənclər tariximizin bu şanlı, eyni zamanda faciəli səhifəsini dərindən öyrənməli, şəhidlərin xatirəsini daim uca tutmalıdırlar.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova 20 Yanvar şəhidlərinin xalqımızın milli yaddaşında əbədi yaşadığını vurğulayıb. O bildirib ki, həmin gün nümayiş olunan birlik və həmrəylik bu gün də Azərbaycan dövlətinin əsas güc mənbələrindən biridir və müstəqilliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb.
20 Yanvar İctimai Birliyinin sədri, II dərəcəli 20 Yanvar əlili Əzimzadə Sultan Xudu oğlu çıxış edərək faciənin canlı şahidi kimi həmin günlərin ağrılı xatirələrindən danışıb. O qeyd edib ki, 20 Yanvar şəhidləri öz qanları ilə Azərbaycanın müstəqillik yolunu işıqlandırıblar və onların fədakarlığı heç zaman unudulmayacaq.
Azərbaycan Xəzər Dəniz Gəmişiliyinin nəzdində olan “Şamaxı” gəmisinin kapitanı, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Faiq Balabəyli çıxışında 20 Yanvar hadisələrinin xalqımızın ləyaqət və qürur salnaməsi olduğunu bildirib. O vurğulayıb ki, bu faciə təkcə hüzn günü deyil, eyni zamanda azadlıq uğrunda mübarizənin rəmzidir və 20 Yanvar şəhidləri Azərbaycan tarixində əbədi yaşayacaqlar.