YAP Səbail Rayon Təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə geniş tərkibli tədbir keçirilmişdir
YAP Səbail Rayon Təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə geniş tərkibli tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə keçirilən tədbirdə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun ictimai-siyasi fəalları, ziyalılar və digər qonaqlar iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev iştirakçıları salamlayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə səmimi təbriklərini çatdırmışdır. Çıxışında Muxtar Nağıyev Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşdırılmasında müstəsna rolundan, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində gördüyü əvəzsiz xidmətlərdən geniş bəhs etmişdir.
Muxtar Nağıyev qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və milli həmrəylik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan həm daxili, həm də beynəlxalq müstəvidə mühüm uğurlar qazanmış, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər xalqımızın birliyinin və gücünün bariz nümunəsinə çevrilmişdir.
Çıxış zamanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bütün dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirən əlamətdar tarix olduğu vurğulanmış, bu günün milli kimliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilmişdir. Bildirilmişdir ki, Vətən müharibəsində qazanılan Qələbə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəyliyi daha da möhkəmləndirmiş, Azərbaycan dövlətinə və Ordusuna olan inamı artırmışdır.
Muxtar Nağıyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara möhkəm can sağlığı, firavanlıq və uğurlar arzulamışdır.
Daha sonra çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə xanım Musayeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji və mənəvi əhəmiyyətindən bəhs etmiş, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinin, qadınların ictimai-siyasi fəallığının artırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd etmiş, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlığın bunun parlaq sübutu olduğunu bildirmişdir.
Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə xanım Həşimova çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birliyimizin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıdığını qeyd etmişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan, xüsusilə postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışmış, Yeni İl münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 91-lərin nümayəndəsi Novruz Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs etmişdir. O, YAP-ın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, xalq–iqtidar birliyinin ölkənin davamlı inkişafının əsas təminatı olduğunu vurğulamışdır. Novruz Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji köklərinin məhz Heydər Əliyev siyasi irsindən qaynaqlandığını qeyd etmişdir.
İkinci Qarabağ Müharibəsi Şəhidi Murad Qurbanovun anası Mehriban Əmrahova və İkinci Qarabağ Müharibəsi Qazisi Ramin Şirinov çıxış edərək, tədbir iştirakçılarını Yeni İl Və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən qəlbdən təbrik edib.
Tədbirin bədii hissəsində müxtəlif musiqi və ədəbi-bədii ifalar səsləndirilmiş, bayram əhval-ruhiyyəsi yaradılmışdır.
Tədbir sonda xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatmışdır.