Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin nümayəndə heyəti Moldovada görüş kecirtdi
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin nümayəndə heyəti Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində ictimai birliyin sədri Bəhruz Məmmədzadə və idarə heyətinin üzvləri Moldova Respublikasının Əfqanıstan Müharibəsi Veteranları Birliyinin sədri cənab Sergei Graur, Moldova Respublikasının Müstəqillik Müharibəsi Veteranlarının Milli Birliyinin sədri cənab Radu Prisac, habelə Moldova Respublikasında Yerli Silahlı Müharibələr və Münaqişələrin Veteranları Birliyinin koordinatoru cənab Namiq İsmayılov və adı çəkilən təşkilatların nümayəndələri ilə tanışlıq görüşü keçirmişlər.
Görüş zamanı tərəflər öz təşkilatlarının fəaliyyəti, məqsəd və istiqamətləri haqqında ətraflı məlumat vermiş, qazilər, şəhid ailələri və veteranlara göstərilən sosial dəstək, reabilitasiya, hüquqi yardım və ictimai təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmışlar. Həmçinin, gələcək əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin aparılması perspektivləri geniş şəkildə müzakirə edilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Əfqanıstan Müharibəsi Veteranları Birliyinin nəzdində fəaliyyət göstərən hərb tarixi muzeyinə baxış keçirmiş, burada Moldova xalqının hərbi tarixi, müharibə iştirakçılarının şəxsi əşyaları, sənədləri və foto materialları ilə tanış olmuşdur. Muzey eksponatları nümayəndə heyətində dərin təəssürat yaratmış və Azərbaycan ilə Moldova xalqlarının ortaq tarixə və sülhə verdiyi önəmi bir daha vurğulamışdır. Ziyarət zamanı Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə muzeyin xatirə dəftərinə öz ürək sözlərini yazmış və imza ataraq bu səfərin əhəmiyyətini əbədiləşdirmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti yüksək qiymətləndirilmiş, Moldova Respublikasında Yerli Silahlı Müharibələr və Münaqişələrin Veteranları Birliyi tərəfindən nümayəndə heyəti Moldova Respublikasının 1-ci dərəcəli “Veteranlar Şöhrəti” ordeni ilə təltif olunmuşdur. Eyni zamanda, Müstəqillik Müharibəsi Veteranlarının Milli Birliyinin sədri cənab Radu Prisac tərəfindən nümayəndə heyətinə Diplom təqdim olunmuş, bu sənəd onlara göstərilən şərəf, minnətdarlıq və əməkdaşlığa verilən yüksək qiymətin rəmzi kimi təqdim edilmişdir.
Bu səfərin əsas məqsədi Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi ilə Moldova Respublikasının müxtəlif veteran təşkilatları arasında qarşılıqlı tanışlıq, dostluq münasibətlərinin qurulması və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsidir. Görüş qarşılıqlı anlaşma və səmimi dostluq şəraitində keçmiş, iki ölkənin veteranları arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım olmuşdur.