Xüsusi nümayəndə: Xankəndi, Ağdərə və Xocalıda 1 040 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Zeferinfo.az-a verilən məlumata görə, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir:
"Artıq 1 040 ailə – 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub".
Qeyd olunub ki, hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.
Elçin Yusubov bildirib ki, işğaldan azad edilmiş ərazilərin inkişafında qeyri-hökumət təşkilatlarının rolu mühüm əhəmiyyət kəsb edir:
"QHT-lər dövlət siyasətinin həyata keçirilməsində, ictimai nəzarətin gücləndirilməsində, sosial layihələrin təşviqində və reinteqrasiya proseslərində mühüm tərəfdaş kimi çıxış edirlər. Qeyri-hökumət təşkilatları işğal dövründə və ondan sonrakı illərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, dezinformasiya kampaniyalarına qarşı mübarizədə, insan hüquqları və mədəni irsin qorunması istiqamətində böyük rol oynayıb".