Müharibədəki bir çox taktiki qələbələr, XTQ-nin yerdəki mövqelərindən təmin etdiyi dəqiq hədəf koordinatları ilə qazanıldı. Bu qəhrəmanlar, şəhərə daxil olaraq, Ermənistan ordusunu mərkəzdən sıxışdıran diversant qruplarının fəaliyyətini yönləndirərək, uğurlu əməliyyatların həyata keçirilməsinə şərait yaradıblar.
Bu milli qürur verən gündə Patrulaz.az-a öz duyğularını bölüşən Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ictimai birliyin sədri və mətbuat şurası idarə heyyətinin üzüvü, qəhrəman əsgər Bəhruz Məmmədzadə Vətən uğrunda göstərilən şücaətləri və hər bir əsgərin öz vətəninə olan sevgisini vurğuladı:
“Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) Vətən uğrunda göstərdiyi xidmətlərə hörmət və ehtiram günü olaraq qeyd olunur. 30 aprel 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə yaradılan XTQ, Azərbaycan Ordusunun ən elit hərbi birləşmələrindən biridir. XTQ 2020-ci il Vətən müharibəsində xüsusi qəhrəmanlıq nümayiş etdirib. Onlar düşmənin dərin arxasına sızaraq strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etmiş, Azərbaycanın ümumi zəfərinə böyük töhfələr veriblər”.
Bəhruz Məmmədzadə Xüsusi Təyinatlı Qüvvələrinin, xüsusilə də, bizə qələbəni bəxş edən Vətən müharibəsindəki qəhrəmanlıqlarına da toxundu. O, XTQ əsgərlərinin göstərdiyi şücaətin və fədakarlığın, düşmənin mövqelərini darmadağın edərək, Şuşa da daxil olmaqla strateji ərazilərin azad edilməsindəki rolunu da qeyd etdi:
“XTQ-nin ən önəmli fəaliyyətlərindən biri Şuşanın azad olunmasıdır. Dağlıq və çətin relyefli ərazilərdə piyada yollarla irəliləyərək, XTQ-nin əsgər və zabitləri şəhəri gizli şəkildə ələ keçirib və döyüşərək onu düşməndən təmizlədilər. Bu əməliyyat, Azərbaycan hərb tarixində xüsusi bir yer tutdu. XTQ, həmçinin prezidentin etimadını doğruldan, taktiki və mənəvi üstünlükləri ilə bütün dünyaya gücünü nümayiş etdirdi. Onların hər biri Vətənin fəxri və simvolu oldu”.
XTQ nümayəndəsi, həmçinin Cənab Ali Baş Komandan İlham Əliyevin bu igidlərin göstərdikləri qəhrəmanlıqları ilə bağlı dediyi ifadələrini yenidən xatırlatdı:
“Bu tarixi Zəfəri bizə yaşadan Azərbaycan Ordusudur. Xüsusi Təyinatlı Qüvvələrimiz şəhəri döyüşlə almışlar. Onlar piyada yollarla, dağlarla, meşələrlə, dərələrlə gedərək Şuşaya daxil oldular. Xüsusi Təyinatlı Qüvvələrimiz qəhrəmanlıq göstərmişlər, fədakarlıq göstərmişlər. Onlar misilsiz şücaət göstərərək torpaqlarımızı azad etdilər. Onların hər biri xalqımızın fəxridir. Bu Qüvvələr mənim xüsusi diqqətim altında olmuşdur. Onların təchizatı, hazırlığı və peşəkarlığı məhz bu gün üçün formalaşdırılmışdı. Onlar mənim etimadımı tam doğrultdular. Azərbaycan əsgəri, Azərbaycan Xüsusi Təyinatlısı – bu, rəşadət, cəsarət, vətənpərvərlik simvoludur. Gənclərimiz sizə baxaraq böyüyəcək”.
B. Məmmədzadə sözlərini Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şərəf və məsuliyyət daşıyan şüarı ilə tamamladı:
“Hər bir XTQ nümayəndəsinin şüarı isə sadədir: Vətənə, Dövlətə sədaqətlə xidmət etmək mənim şərəfimdir!”.
Gülbəniz Səfərova