Xocalıdan məcburi köçkün düşmüş qadın: İki gün meşədə qalandan sonra Ağdama gedə bildik

İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib.
Zeferinfo.az xəbər verir ki, o, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.
“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raket atırlar, gedək...”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.