XİN: Azərbaycan hərbi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir

Zeferinfo.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı bəyanatına dair şərhində bildirilib.
Ayxan Hacızadə bildirib ki, Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir:
“Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər”.