Xəzər rayonunda şəhid abidəsinin açılışı olub - FOTOLAR
44 günlük Vətən Müharibəsində yaralanmış və şəhid olmuş Xüsusi təyinatlı qüvvələrin baş leytenantı Məmmədov Dünyamir Əkrəm oğlunun yaşadığı evin qarşısında şəhidin abidəsinin açılışı olub.
Zeferinfo.az xəbər verir ki, mərasimdə rayon rəsmiləri, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin idarə heyəti və üzvləri, hərbçilər, qazilər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.
Daha sonra abidənin açılışı olub və önünə gül dəstələri düzülüb. Döyüş yoldaşları və digər iştirakçılar şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə ürək sözlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkür ediblər.