Xarici QHT-lərdən Ağdam-Xankəndi yolunun açılması tələbi
Bir qrup xarici QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin Jotform beynəlxalq platformasında başlatdığı “Qafqazda sülh naminə dünya” beynəlxalq kampaniyası davam edir.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə müraciətdə Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymamaq və sülhün təmin olunması üçün Ağdam-Xankəndi yolunun açılması tövsiyə olunur. Müraciətə qoşulanlar hesab edirlər ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə verdiyi müsbət mesajları düzgün qiymətləndirməyi bacarmalıdırlar. Dünyanın müxtəlif ölkələrindən müraciəti imzalayan vətəndaş cəmiyyəti nümayəndələrinin sayı 1000 nəfərə çatıb. Onlar 42 ölkəni təmsil edirlər. Bir neçə gün əvvəl bu ölkələrin sayı 27 idi.
UAid Fondunun (Qambiya) sədri Alhagi Manneh sülhə nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayaraq bu təşəbbüsü dəstəklədiyini bildirib:
"Mən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini dəstəkləyirəm və əlbəttə ki, davamlı inkişaf problemlərinin həlli istiqamətində hökumətin səylərinin həyata keçirilməsinə öz töhfəmi verirəm. Bu gün burada sülhdən danışmaq üçün gəlmişəm. Çox təəssüf ki, bu gün Dünyanın bir çox yerində zorakılıq və müharibə var.Ona görə də biz əməkdaşlıq edib nəticələr əldə etməli və daha faydalı olmalıyıq”.
Rumıniyalı Ekaterina Bordeianu deyib ki, gərginliyi süni şəkildə qızışdırmağa, “blokada” və “humanitar böhran” yaratmağa ehtiyac yoxdur:
"Mənim Azərbaycanda çoxlu dostlarım var, ona görə də uzun illərdir ki, regionda baş verənləri yaxından izləyirəm. "Blokaj” deyilənlərlə bağlı deyilənlər həqiqətə uyğun deyil. Laçın yolu qeyri-qanuni hərbi məqsədlər üçün deyil, sırf humanitar məqsədlər üçün nəzərdə tutulub”.
Bordeyanu xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın BCP-nin guya “qanunsuzluğu” və “bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması” tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib:
“Ermənistanın dəfələrlə Qarabağı Azərbaycan ərazisi kimi tanıması faktını qeyd etməmək mümkün deyil”.
İqtisadi Sülh Mərkəzinin (İsrail) təsisçisi və prezidenti Ayub Kara Qarabağın erməni əhalisinin ehtiyacları üçün ərzaq məhsulları göndərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dəstəyini ifadə edib:
"İsrailin keçmiş rabitə naziri kimi mən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağa ərzaq çatdırmaq səylərini dəstəkləyirəm və buna mane olmağa çalışanları pisləyirəm. Cənubi Qafqazda sülhün qorunması üçün hər şeyi edirəm".
“Afrikada Davamlı Biznes İnkişafı və İnnovasiya” təşkilatının prezidenti Zambiyadan olan Edvard Mvaba Ndalama Cənubi Qafqaz regionunda yaşayan insanların sülhə layiq olduğunu qeyd edib.
"Mən Qafqazda sülhün tərəfdarıyam. Bizə sülh lazımdır ki, onlar harada olurlarsa olsunlar, azad olsunlar. Sülh olmadan iqtisadi azadlığı təmin etmək mümkün deyil", - o əlavə edib.