Xankəndidə “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı” mövzusunda konfrans keçirildi

Xankendide “Mehkeme sisteminin inkisafinin konstitusiya teminati” movzusunda konfrans kecirildi
Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib.

Bu barədə Zeferinfo.az-a  Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, hakimlər, məhkəmə ictimaiyyətinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.

Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Azərbaycan xalqı bu il təkcə Konstitusiyanın qəbulunun ildönümünü deyil, həm də onun prinsiplərinin həyatda bərpası mərhələsini yaşayır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təminatçısına çevrilib. Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tam bərpa edilib. Bu qələbə təkcə hərbi deyil, həm də hüquqi və konstitusion ədalətin bərpasıdır. Azad olunmuş ərazilərdə aparılan bərpa və məskunlaşma prosesi, o cümlədən Xankəndidə yaradılan müasir infrastruktur, Konstitusiyanın insan rifahı və ədalət prinsiplərinin təzahürüdür.

Qeyd olunub ki, məhkəmə sistemi Konstitusiyanın həyata keçirilməsinin əsas təminat mexanizmidir və islahatlar ədalətə inamı möhkəmləndirir. Elektron məhkəmə sistemi və infrastruktur islahatları ədalətə çıxış imkanlarını genişləndirib, işğaldan azad olunmuş ərazilərdə yeni məhkəmə strukturlarının yaradılması isə ədalətin bərpasında mühüm rol oynayır. Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli” dövlətin gücünün ədalətli qanun tətbiqində təcəssüm etdiyini xatırladır və hər bir hüquqşünas bu prinsiplərin qoruyucusu olmalıdır.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında bildirib ki, suverenlik mövzusuna həsr olunmuş tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi mənası var. Çünki məhz Xankəndinin azad edilməsi ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Qeyd edilib ki, Qarabağ Universiteti bölgədə məskunlaşma prosesinin önündə gedən ali təhsil müəssisəsi kimi təkcə tədris deyil, həm də elmi-tədqiqat və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyətini genişləndirir. Vurğulanıb ki, hüquqşünaslıq ixtisasında yeni dövrün tələblərinə uyğun tədris planı hazırlanır və universitet savadlı, peşəkar hüquqşünasların yetişdirilməsində maraqlıdır. Həmçinin Qarabağ Universiteti ilə Ali Məhkəmə arasında əməkdaşlığın vacibliyi bildirilib və qeyd edilib ki, universitetin müəllimləri arasında artıq hakimlər də fəaliyyət göstərirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdiyimiz mürəkkəb dövrə təsadüf edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin qorunub saxlanılması xalqımızın xoşbəxtliyidir. Vurğulanıb ki, Konstitusiyamız dünyanın ən məzmunlu və təkmil konstitusiyalarından biridir və o, Azərbaycan xalqının iradəsini əks etdirir. Qeyd edilib ki, Azərbaycan müstəqil dövlət olsa da, suverenliyi yalnız 2020 və 2023-cü illərdə — şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində tam bərpa olunub. Çıxışda Konstitusiyamızda təsbit olunan digər müddəalar, qanunun aliliyi, məhkəmə hakimiyyətinin rolundan bəhs olunub.

Bakı Dövlət Universitetinin kafedra müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Əlizadə Məmmədov Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının əhəmiyyəti və onun beynəlxalq hüquqla əlaqəsindən danışıb. Konstitusiyanın Azərbaycan dövlətinin suverenliyini hüquqi olaraq təsdiqlədiyi və müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdığı vurğulanıb. Bildirilib ki, 2025-ci ilin "Konstitusiya və suverenlik ili" olaraq qeyd edilməsi, Azərbaycanın suverenliyinin daha da möhkəmləndiyini və ərazi bütövlüyünün bərpasını simvollaşdırır. Qeyd olunub ki, Konstitusiya, həmçinin dövlətin daxili hüququ ilə beynəlxalq hüququn qarşılıqlı əlaqəsini tənzimləyən bir sənəd kimi, məhkəmələrə beynəlxalq hüquq normalarını tətbiq etmək imkanı verir. Bu proses, beynəlxalq hüququn üstünlüyünü və onun Azərbaycan hüququ ilə harmonizasiyasını təmin edir. Konstitusiyanın bəzi maddələri, xüsusən insan hüquqlarına aid olanlar, beynəlxalq hüquq normalarının tətbiqi üçün hüquqi çərçivə yaradır.

Xankəndi Şəhər Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev çıxışında bildirib ki, müstəqilliyin əldə edilməsindən sonra müasir dövrün reallıqlarına cavab verən Konstitusiyanın qəbul olunması zərurət idi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası dövlət tariximizdə ən əlamətdar hadisələrdən biridir. Vurğulanıb ki, məhkəmə hakimiyyəti cəmiyyətin sabitliyini və davamlı inkişafını təmin edən, eyni zamanda iqtisadi inkişafa stimul verən mühüm institutdur. Cəmiyyətin dinamik inkişafı Konstitusiyanın daim təkmilləşdirilməsini və dövrün çağırışlarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə sisteminin müasirləşdirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.

Sonda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva və Mülki Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev tələbələr qarşısında çıxış edərək Ali Məhkəmənin fəaliyyəti və rəhbərlik etdikləri kollegiyaların iş istiqamətləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Back To Top