VƏTƏNƏ CANINI FƏDA EDƏN QƏHRƏMAN —VÜQAR SARIYEV

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 44 günlük Vətən Müharibəsi ölkəmizin igid övladlarının qəhrəmanlıqları ilə yadda qaldı. Həmin qəhrəmanlardan biri də Vüqar Fikrət oğlu Sarıyev idi.
44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Vüqar Sarıyev 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsili almışdır. Qəhrəmanlığı ilə dastan yazan igidlərimizdən biri olan Vüqar artıq kiçik yaşlarından etibarən ancaq xeyirxah və yaxşı insan kimi tanınmışdı. Onun mülayim, mehriban və insanlara qarşı həssas olan xasiyyəti, həm ailə, həm də dost-tanışları arasında hörmət qazandırmışdı. Vüqar ailə qurmuş və üç övlad atası olmuşdur. Ailə üzvləri onu ailəsinə bağlı, vətənpərvər və məsuliyyətli insan kimi xatırlayır.Ailəsinə olan bağlılığı, öz övladları ilə birgə keçirdiyi zamanlar onun həyatının ən dəyərli anları idi. Vüqarın tərbiyəsi və nümunəvi davranışları onu mühitində sevilən, etibar edilən bir insan etmişdi. O, həmçinin ibadət edər, ehtiyacı olanlara yardım etməyi özünə borc bilirdi.
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, Azərbaycanın tarixində yeni bir səhifə açdı. Vüqar da döyüşlərə qatılaraq Murovdağ, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və 10 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhidliyi onu sevənləri dərindən sarsıtdı. Vüqarın canı və qanı ilə yazdığı bu qızıl səhifə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə göstərdiyi fədakarlığı simvollaşdırır.
Vüqar Sarıyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Vüqarın tərbiyəsi, əxlaqı və yeri gələndə gülərüzlüyü, onu yalnız döyüş meydanında deyil, həyatın hər sahəsində mükəmməl bir insan etmişdi. O, hər bir insanın öz həyatını necə yaşaması, hansı dəyərlərə sahib olması və nə üçün yaşaması barədə örnək oldu. Vüqar Sarıyev təkcə ailəsinin yox, bütün Azərbaycanın fəxri, qəhrəman övladıdır. Onun göstərdiyi igidlik gələcək nəsillərə nümunədir. Hər il Biləsuvar rayonunda onun şəhid olduğu gündə anım tədbiri keçirilir, ruhu yad olunur. Vüqarın həyat yolu bizə bir daha göstərir ki, Vətən uğrunda şəhid olanlar ən uca zirvədədir. Onun xatirəsi əbədi olaraq qalacaq və onun göstərdiyi qəhrəmanlıq gənc nəslin yaddaşında parlaq bir işıq kimi yanacaqdır. Vüqar Sarıyevin adı onu sevənlərin qəlbində sonsuzadək yaşayacaq.