Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib
Azərbaycan Respublikası pezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər sosial xidmətlər sahəsində də ardıcıl islahatlar aparılaraq həmin xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə innovativ yanaşmaların tətbiqi istiqamətində məqsədyönlü addımlar atılıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə sosial xidmətlər sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidmətinin göstərilməsi işləri, sosial xidmət müəssisələrinin fəaliyyəti və s. barədə məlumat verilib.
Qeyd olunub ki, Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara 2023-cü ildə daha 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib. Həmçinin ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7600-dən çox avtomobil təqdim olunub.
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası, sosial xidmətlər sisteminin, sosial reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi, bu sahədə innovativ təşəbbüslərin dəstəklənməsi, yarımstasionar sosial xidmətlərə əsaslanan mərkəzlərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.
Övladlığagötürmə, “Himayədar ailə” qayğı modelinin icrası, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası, habelə ölkəmizə repatriasiya edilmiş şəxslərin reinteqrasiya və sosial reabilitasiyası sahəsində aparılan işlərdən danışılıb.
Əlilliyi olan şəxslərin peşə reabilitasiyası istiqamətində işlərin davam etdirildiyi, ötən il Peşə-əmək Reabilitasiya Mərkəzində daha 362 nəfər əlilliyi olan şəxsin peşə reabilitasiyası təlimlərinə cəlb edildiyi diqqətə çatdırılıb.
Sosial xidmət sistemində aparılan islahatlar, bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub. Sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə müasir texnologiyaların geniş tətbiqi işlərinin də davam etdiriləcəyi vurğulanıb.