“Vətən çağıranda” filminin təqdimatı keçirilib
8 Noyabr-Zəfər Gününün beşinci ildönümü ərəfəsində “Vətən çağıranda” filminin təqdimat mərasimi keçirilib.
Keçmiş müəllim, batalyon komandiri, kəşfiyyatçı, ehtiyatda olan mayor Muxtar Həşimovun həyat və döyüş yoluna həsr olunmuş film Nizami Kino Mərkəzində nümayiş etdirilib.
Bakı şəhəri 238 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində millət vəkili Rövşən Şahbazov, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, professor Şikar Qasımov, Laçın rayonu Veteranlar şurasının sədri Babək Aslanov, Laçın ziyalısı Hafis Hüseynov, filmin yaradıcı heyəti, şəhid anaları, qazilər, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan ekran əsəri Muxtar Həşimovun xidmət yolunu, Vətən müharibəsinin gerçəkliklərini və xalqımızın sarsılmaz birliyini əks etdirir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev filmin əhəmiyyətindən, Muxtar Həşimovun şərəfli xidmət yolundan və məktəblərdə həyata keçirilən vətənpərvərlik təşəbbüslərindən danışıb. Bildirib ki, “Vətən çağıranda” filmi məktəbin vətənpərvərlik ruhunu əks etdirən dəyərli ekran işidir.
Millət vəkili Rövşən Şahbazov filmin yaradıcı heyətini təbrik edib, ekran işinin mənəvi-ideoloji əhəmiyyətindən söz açıb.
BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov filmin yaradıcı heyətinə uğurlar arzulayıb, ölkəmizin Vətən Müharibəsində qazandığı zəfərdə Azərbaycan məktəbinin, müəlliminin xüsusi missiyasını nəzərə çatdırıb, vətənpərvər gəncliyin yetişməsində təhsilin üzərinə düşən vəzifələrdən danışıb.
Filmin qələmini silaha dəyişən bir müəllimin Vətən üçün apardığı mübarizədən bəhs etdiyini vurğulayan sektor müdiri ekran əsərinin ictimaiyyət tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirib.
Filmin layihə rəhbəri 238 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Xuraman Osmanova, qazi rejissor, 44 günlük Vətən müharibəsinin iştirakçısı Nicat Cəlilov, ssenari müəllifi Ötərxan Eltac, məktəbli aktyor Süleyman Abdullayev və digər çıxış edənlər filmin ərsəyə gəlmə prosesindən danışıblar.
Təqdimat mərasimi Xudayar Yusifzadənin ifa etdiyi bəstələrlə müşayiət olunan səhnə kompozisiyası və rəqs nömrələri ilə davam edib. Tədbirdə, həmçinin Muxtar Həşimovun qələmə aldığı şeirlərdən parçalar səsləndirilib.
Qeyd edək ki, filmin ideya müəllifi Şəmistan Əlizamanlıdır.