Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib, üç vəkilin fəaliyyəti dayandırılıb
Cari il dekabr ayının 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Zeferinfo.az Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Qadın Vəkillər Alyansının hesabatı dinlənilib, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda keçirilmiş monitorinqin nəticəsi elan edilib.
Sonra “Deontologiya” və “İcra Hüququ” Komitələrinin Əsasnaməsinin və İş Planının təsdiq edilməsi məsələlərinə baxılıb və müsbət qərarlar çıxarılıb.
Eyni zamanda iclasda “Elektron vəkil kabinetindən istifadəya dair Təlimat”ın təsdiq olunması qərara alınıb.
Həmçinin iclasda Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb və 3 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.