Uşaq evində yaşayan neçə nəfər təhsilə cəlb edilib?

Usaq evinde yasayan nece nefer tehsile celb edilib?

Hazırda uşaq evi sosial xidmət müəssisəsində yaşayan 313 uşaq təhsilə cəlb olunub. Onlarda 30-u 9-cu sinif şagirdi, 11 nəfəri isə 11-ci sinif şagirdidir.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 6 uşaq evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

"Onlardan 3-ü Bakı şəhərində, 1-i Gəncə, 1-i Lənkəran, 1-i isə Şəkidə yerləşir. Bununla yanaşı, Bakı və Lənkəranda ailə tipli kiçik qrup evləri də fəaliyyət göstərir. Bu müəssisələrdə yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial reabilitasiyası, onların mənşə ailələrinə qaytarılması, eləcə də alternativ qayğı mühiti ilə əhatə olunması məqsədilə davamlı iş aparılır. Müəssisələrdə uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir. Uşaqlar sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi, sosial-pedaqoji və tibbi-sosial xidmətlər ilə təmin olunurlar".

Qeyd edilib ki, müəssisələrdə yaşayan uşaqların təhsilə cəlb olunmasına da xüsusi diqqət göstərilir:

"Uşaqların məktəb həyatına fəal inteqrasiyası və davamiyyətinin təmin olunması üçün ardıcıl iş aparılır.

Hazırda müvafiq müəssisələrdə yaşayan 313 uşaq təhsilə cəlb olunub. Onlarda 30-u 9-cu sinif şagirdi, 11 nəfəri isə 11-ci sinif şagirdidir".

Qeyd edək ki, bu il Uşaq evi sosial xidmət müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar. Onlardan 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirirlər.