“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri

“Umid edirem ki, bezi QHT-ler Edliyye Nazirliyi ve QHT Agentliyinin beyanatindan netice cixaracaq”-ATXEM sedri

“Qeyri-Hökumət Təşkilatlarının orden və medal təsis etməsi yolverilməzdir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət simvolları, məsələn, ordenlər, medallar, nişanlar və s. yalnız dövlət tərəfindən təsis edilə bilər”.

Bu fikirləri Zeferinfo.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi orden və medal təsis edən qeyri-hökumət təşkilatları ilə bağlı yaydığı bəyanatı şərh edərkən səsləndirib. İctimai birlik sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının “Orden və medallar haqqında” qanununa əsasən, yalnız dövlət və ya dövlətin səlahiyyət verdiyi orqanlar orden və medal təsis edə bilər. Bu baxımdan İlham İsmayılov hesab edir ki, QHT-lər ictimai təşkilatlar olduğundan onlar dövlət səlahiyyətlərini əvəz edə bilməzlər:
“QHT-lərin mükafat və ya təşəkkür məktubu, fəxri fərman kimi qeyri-rəsmi təşviq formaları təqdim etməsi mümkündür, lakin bu, dövlət mükafatı ilə eyni statusda deyil və “orden” və “medal” adları altında təqdim olunması hüquqi pozuntu sayılır. “Orden” və “medal” anlayışları dövlət atributlarıdır və onların istifadəsi qanunla tənzimlənir”.
İctimai bilrik sədrinin sözlərinə görə, QHT-lərin belə adlardan istifadə etməsi ictimai çaşqınlığa və dövlətin nüfuzunun pozulmasına səbəb ola bilər:
“Bir sıra hallarda həmin QHT-lər hətta bunu alver predmetinə çevirib, bu yolla uzun illər asan qazanc əldə etməyə çalışıblar. Təsis etdikləri həmin orden və medalları müəyyən məbləğ qarşılığında ayrı-ayrı şəxslərə satıblar. Bəzi hallarda orden və medal verilən şəxsin özünün bundan xəbəri olmur, gəlib deyirlər ki, sənin adına medal təsis etmişik, 1000, yaxud 1500 manat verməlisən. Bu qətiyyən yolverilməzdir və belə halların qarşısı alınmalıdır”.
İlham İsmayılov ümid edir ki, həmin kateqoriyadan olan QHT-lər Ədliyyə Nazilrliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatından nəticə çıxaracaq və bir daha qanunvericiliyə zidd olan fəaliyyətlərlə məşğul olmayacaqlar:
“Əks təqdirdə onlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımların atılması qaçılmaz olacaq. Qanunları pozan Qeyri-Hökumət Təşkilatları barəsində müvafiq ölçülərin götürülməsi hüquqi dövlət prinsipinə uyğundur. Hüquqi çərçivədə fəaliyyət göstərmək bütün təşkilatlar üçün əsas şərtdir. Bu, dövlətin qanunvericilik qaydalarının təminatı və ictimai maraqların qorunması baxımından vacibdir”.