Ülvi Mehdiyev: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələrini görürük

Ulvi Mehdiyev: "ASAN xidmet"in fealiyyetinde suni intellektin tetbiqinin ugurlu neticelerini goruruk

2025-ci ilin məlumatına görə, süni intellekt bazarının dəyəri 800 milyard dolları keçib. Proqnozlara görə, 2030-cu ilə qədər bir neçə trilyon dollar dəyərində olacaq. 400 milyona yaxın insan süni intellekt həllərindən bu və ya digər şəkildə istifadə edir və yararlanır. Beynəlxalq şirkətlərin, biznes dünyasının 70 faizə yaxın hissəsi ən azı bir süni intellekt həllini özünün biznes prosesində istifadə edir.

Zeferinfo.az xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

"Azərbaycan da yeni çağırışlara cavab verməkdə heç də geri qalmır. Bu ilin martında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul olunub. Strategiyada hər bir dövlət orqanı üçün süni intellektin inkişafı ilə bağlı çox ciddi tapşırıqlar müəyyən olunub. Bu, onu deməyə əsas verir ki, Azərbaycan dövləti bu sahədə aparıcı ölkələrdən biridir və süni intellektin bütün sahələrdə tətbiqində iradə göstərir.

Ötən il "ASAN xidmət"də süni intellekt həllərinin tətbiqi ilə bağlı 2024-2026-cı illər strategiyası qəbul etdik. Bu gün üçün artıq "ASAN xidmət"in fəaliyyətinin müxtəlif istiqamətlərində tətbiq edirik və onun uğurlu nəticələrini görürük", - deyə Ü.Mehdiyev bildirib.