Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib

Ukraynanin sehiyye naziri Fexri Xiyabani, Sehidler Xiyabani ve Zefer Parkini ziyaret edib

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.

Zeferinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi Tamerlan Əliyevin məzarlarını da ziyarət edərək üzərinə çiçəklər düzüblər.

Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Ukrayna əsilli Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.

Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Zəfər Parkını da ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşko Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşü baş tutacaq.