Üçüncü Kəlağayı Festivalı keçirilib

Ucuncu Kelagayi Festivali kecirilib

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi III Kəlağayı Festivalı keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, məqsəd maddi mədəni və milli irsin uşaq və gənclər arasında təbliğ edilməsi, mədəni-mənəvi dəyərlərin yaşadılmasıdır.

Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqə keçirilib.

Müsabiqə iki nominasiya (“Müasir geyim obrazında kəlağayı” videotəqdimat müsabiqəsi və “Azərbaycan Kəlağayı ornamentləri rəsmlərdə” rəsm müsabiqəsi) üzrə təşkil olunub.

Müsabiqədə I, II, III yerin qalibləri diplom və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqədə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil idarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun əməkdaşı Xanım Oruczadə iştirak ediblər.

Festival çərçivəsində 5 nömrəli UGİM və Şəki şəhər Rasim Ocaqov adına UGİM-in birgə əməkdaşlığı ilə ustad dərsi, konsert proqramı, Şəki İpək Kombinatına ekskursiya da təşkil olunub.