Türkiyənin Ufuk Universitetinin nümayəndə heyəti Səhiyyə Nazirliyində

Turkiyenin Ufuk Universitetinin numayende heyeti Sehiyye Nazirliyinde

Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev Türkiyə Respublikasının Ufuk Universiteti (Ankara) Yol Qəzalarına Yardım Fondunun Prezidenti, professor Recai Pabuççunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Zeferinfo.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə həmçinin, Ufuk Universitetinin rektoru, professor Əhməd Hakan Haliloğlu da iştirak edib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri çərçivəsində səhiyyə və beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində təcrübə mübadiləsi, tibbi reabilitasiya, yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, reabilitasiya və profilaktika sahəsində müasir yanaşmaların tətbiqi, tibb tələbələri və rezidentlər üçün təcübə mübadiləsi proqramlarının təşkili, reproduktiv tibb sahəsində birgə tədqiqatlarının reallaşdırılması, eləcə də bu istiqamətlərdə müştərək layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.