Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib
COP29 çərçivəsində Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş, Türkiyədən olan nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.
Bu barədə Zeferinfo.az-a Aİİ-dən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və dini işlər üzrə müşaviri İhsan Açık da iştirak ediblər.
Aİİ rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edib, qonaqları İnstitutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin qədim tarixə söykəndiyini və hər hansı mənfəət üzərində qurulmadığını diqqətə çatdırıb.
Rektor “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sammit çərçivəsində dini liderlərin İlahiyyat İnstitutunda tələbələrlə görüşünün təqdirəlayiq hadisə olduğunu xüsusilə vurğulayıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş çıxış edərək, hər kəsi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsi dövründə şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. O bildirib ki, 30 illik işğaldan sonra, nəhayət, Azərbaycan ədaləti bərpa edib, doğma torpaqlarına qovuşdu.
Tələbələrə elmə yiyələnmək yolunda öz tövsiyələrini verən Ali Erbaş Qurani-Kərimin elmlə bağlı enən ayələrindən nümunələr gətirib, gənclərə xurafatdan, cahillikdən uzaq, cəmiyyətimizə layiqli fərdlər şəklində yetişmələrini tövsiyə edib.
Görüşün sonunda Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Abdullah Kahraman çıxış edərək, hazırda Azərbaycanda olduğu üçün məmnunluğunu ifadə edib, tələbələrə öz tövsiyələrini çatdırıb.