Qonaqları mərkəzin qurucusu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev qarşılayıb.
Görüş zamanı İzmirdə Azərbaycan diasporunun təşkili, milli-mədəni dəyərlərimizin təbliği, gənclərin maarifləndirilməsi, eləcə də Türk dünyası ölkələri arasında ictimai əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İZAZDER-in rəhbəri Pərviz Altay Kıbrıs Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək bu kimi təşəbbüslərin diaspor fəaliyyətinin inkişafına və Türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, treninqlərin və infoturların təşkili, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, birgə daxili və xarici səfərlərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə birgə inkişaf proqramlarının hazırlanması barədə razılıq əldə olunub.
Sonda qonaqlar xatirə dəftərinə mərkəzlə bağlı təəssüratlarını yazıblar. Ruslan Quliyev göstərilən diqqət və dəstəyə görə təşəkkür edərək Kıbrıs Azərbaycan Evinin gələcəkdə həyata keçirməyi planlaşdırdığı layihələr haqqında məlumat verib.

