Türkiyədə peşə reabilitasiyası və sosial müdafiə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov, Əlillik siyasəti şöbəsinin baş məsləhətçisi Elmira Əliyeva və nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Yalçın Niftiyev Türkiyənin Ankara şəhərində səfərdə olublar.
Bu barədə Zeferinfo.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Tədbirlər Planının peşə reabilitasiyası və sosial müdafiə sahəsində daxili nəzarət üzrə təcrübə mübadiləsinə dair bəndləri çərçivəsində baş tutan səfər çərçivəsində Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemlə görüş olub.
Görüşdə iki nazirlik arasında əlaqələrin inkişafından, təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs olunub. Həmçinin qardaş ölkənin Sosial Təminat Qurumunun rəhbər vəzifəli şəxsləri Ömər Küçükevçilioğlu, Yakup Koç və digər məsul nümayəndələri ilə görüşlərdə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və sosial müdafiə sahəsində daxili nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadilələri aparılıb.



