Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb

Turkiyede FETO terror teskilatina qarsi genismiqyasli emeliyyat baslayib

Türkiyənin müxtəlif vilayətlərində FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir.

Zeferinfo.az xəbər verir ki, İstanbul və İzmir Respublika Baş prokurorluqları tərəfindən birgə aparılan istintaq çərçivəsində 174-ü hazırda fəaliyyət göstərən olmaqla, ümumilikdə 176 hərbçi barədə FETÖ terror təşkilatı ilə əlaqədə olmaq şübhəsi ilə saxlanılma qərarı verilib.

Təşkilatdaxili rabitə üslubuna uyğun şəkildə FETÖ ilə əlaqə qurduqları müəyyən edilən bu şəxslərin aralarında yüksək rütbəli zabitlər də var. Hazırda onlardan 158-i saxlanılıb, digərlərinin axtarışı aparılır.

İstanbul Respublika Baş Prokurorluğunun bununla bağlı verdiyi yazılı açıqlamada Türkiyə Silahlı Qüvvələrinə sızan və hələ tam ifşa edilməyən FETÖ üzvlərinin mövcud olduğu bildirilib. Qeyd edilib ki, bu baxımdan FETÖ hələ də dövlətin konstitusiya quruluşu və təhlükəsizliyi üçün ən böyük təhdid olaraq qalır.

Açıqlamada indiyədək çevriliş cəhdi və ya FETÖ üzvlüyünə görə hərbçilərlə bağlı 1918 əməliyyatın keçirildiyi, 28 min 262 şübhəlinin müəyyən edildiyi, onlardan 25 min 869-nun saxlanıldığı bildirilib. Həmin şəxslərdən 9 min 55-nin həbs olunduğu, 13 min 972-nin məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı qeyd edilib. Vurğulanıb ki, bu əməliyyatlar Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Dairə Baş İdarəsinin əməkdaşlığı nəticəsində yaradılan və Türkiyə üzrə 80 vilayətin məhkəmə orqanlarının istifadəsində olan telefon məlumat bazasından istifadə edilərək icra olunub.

FETÖ terror təşkilatı ilə əlaqədə olan hərbçilərin müəyyənləşdirilməsi yanaşı, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı başladılan digər istintaq çərçivəsində ölkənin 8 vilayətində əməliyyat keçirilib. Restoran şəbəkələri ilə bağlı aparılan bu araşdırma zamanı bəzi filialların Türkiyənin Sosial Sığorta Qurumunda qeydiyyatda olmadığı və FETÖ-ya bağlı şəxslərlə ortaq olduğu müəyyən edilib. İstintaqda şəxsiyyəti müəyyən edilən 63 şübhəlinin saxlanılması məqsədilə əməliyyat keçirilib, 60 nəfər saxlanılıb. Şübhəlilərdən üçünün ölkə xaricində olduğu müəyyən edilib.

Daha bir əməliyyat FETÖ-nün polisdəki gizli strukturlarına qarşı keçirilib. Bununla bağlı aparılan istintaq çərçivəsində FETÖ/PDY-nin polisdəki gizli strukturlarında fəaliyyət göstərən 21 şübhəli müəyyənləşib və ölkənin 14 vilayətində eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 13-ü fəaliyyətdə olan, 6-sı isə işdən çıxarılmış polis əməkdaşı və iki gizli məsul şəxs adı altında fəaliyyət göstərən şəxs saxlanılıb.

İstintaq davam edir.