"Türkdilli ölkələrin Bakıya gəlişi Azərbaycanın uğurlu siyasətinin bariz nümunəsidir” - Müqamət Əliyev / FOTOLAR

"Turkdilli olkelerin Bakiya gelisi Azerbaycanin ugurlu siyasetinin bariz numunesidir” - Muqamet Eliyev / FOTOLAR

Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) sədri Müqamət Əliyev (Muğan) türkdilli xalqların və türk təşkilatlarına üzv QHT-lərin Bakıda bir araya gəlməsi ilə bağlı fikirlərini bölüşüb.

Zeferinfo.az xəbər verir ki, o, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən forumu yüksək qiymətləndirib. Müqamət Əliyev bildirib ki, tədbirdə müxtəlif türkdilli dövlətlərin və QHT-lərin Azərbaycana səfəri, ölkənin daxili və xarici siyasətinin uğurlarını bir daha nümayiş etdirir:

“Bu gün türkdilli dövlətlərin, QHT-lərin, eləcə də dövlət nümayəndələrinin Azərbaycana gəlişi göstərir ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verir. Bu forum həm əməkdaşlığın, həm də qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfədir.”

GVİB sədri forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Agentliyə təşəkkürünü ifadə edib. O qeyd edib ki, tədbir çərçivəsində yeni tanışlıqlar qurulub, milli-mənəvi dəyərlər, vətənpərvərlik və türkdilli xalqlar arasında birliyin əhəmiyyəti geniş müzakirə olunub.

Müqamət Əliyev həmçinin tarixi kontekstə toxunaraq, türkdilli dövlətlər arasında həmrəyliyin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb:

“Ulu Öndərin 2001-ci ildə Dünya Azərbaycanlılarının Qurultayında söylədiyi fikirlər bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həmin vəsiyyətin davamıdır. Gələcək tədbirlərdə İraq və Suriya türkmənlərinin də iştirakı arzuolunandır".

Sonda Müqamət Əliyev Azərbaycan QHT-lərini nizamnamələrinə uyğun olaraq türkdilli ölkələrin və təşkilatların ictimai birlikləri ilə əməkdaşlığı gücləndirməyə çağırıb:

“Bu gün keçirilən forum böyük bir nümunədir. Hesab edirəm ki, qarşılıqlı səylər regional həmrəyliyin və birgə layihələrin daha da genişlənməsinə şərait yaradacaq.”