Bunu Ölkə.Az-a açıqlamasında in deputatı Əlibala Məhərrəmzadə deyib.
Deputat bildirib ki, Azərbaycan əməkdaşlıq coğrafiyasını və praqmatik fəaliyyətini genişləndirməkdə davam edir: “Azərbaycan daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək. Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü baş tutacaq. Sammitdə təşkilata üzv ölkələr qurumun perspektivlərini, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu müzakirə edəcəklər. Əlbəttə, indiki mərhələdə üzv ölkələrin nüfuzu, sahib olduqları təbii sərvətlər və coğrafi mövqeləri Qərb supergüclərinə türk dünyası ilə hesablaşmaqdan başqa çıxış yolu qoymur. Çünki 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişi ilə təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən 16 il ərzində genişmiqyaslı platformaya çevrilib. 2021-ci il noyabrın 12-dən etibarən TDT adını alan birlik bu gün qlobal proseslərə uğurlu transformasiyasının həlledici mərhələsini yaşayır.
Türk Dövlətləri Təşkilatı siyasi dialoqu gücləndirməkdə,
İqtisadi əlaqələri dərinləşdirməkdə,
Mədəni mübadiləni irəli aparmaqda,
Beynəlxalq arenada ortaq mövqedən çıxış etməkdə maraqlıdır.”
O əlavə edib ki, supergüclərin TDT-nin beynəlxalq arenaya çıxması ilə barışmasının kökündə ciddi səbəblər dayanır: “Hər şeydən əvvəl, üzv ölkələrin liderləri regional əməkdaşlığın möhkəmləndirilməsi, birliyin beynəlxalq arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi üçün səmimi davranış nümayiş etdirirlər. İkincisi, təşkilat dünya iqtisadiyyatına dinamik və praqmatik göstəricilərlə daxil olur. Məsələn, TDT platformasında
2023-cü ildə yaradılan Ticarət və Sənaye Palataları İttifaqı üzv ölkələrin iş adamları arasında əlaqələri gücləndirir, ticarət və investisiyaların artmasına imkan yaradır;
2024-cü ildə təsis edilən və 600 milyon dollarlıq kapitala sahib İnvestisiya Fondu böyük layihələrin maliyyələşdirilməsini həyata keçirir;
hazırda TDT ölkələrinin ümumi ÜDM-i 2,1 trilyon dollara, ticarət dövriyyəsi isə 45 milyard dollara çatır;
xarici kapitala malik müəssisələrin sayı isə 53 mindən 92 minə yüksəlib.
Bir sözlə, TDT üçün prioritet hədəf ticarətin daha da inkişaf etdirilməsidir. Bu məqsədlə birlik çərçivəsində institusionallaşma həyata keçirilir və bəlli sahələr üzrə komitələr yaradılır. Məsələn, 2019-cu ildə təsis edilən Türk Ticarət və Sənaye Palatası üzv dövlətlər arasında daxili ticarət göstəricilərinin artırılması məqsədilə davamlı biznes proqramları və layihələri hazırlamaqla məşğuldur. 2023-cü ildə əsası qoyulan və 500 milyon dollarlıq ilkin kapitala sahib Türk İnvestisiya Fondunun əsas məqsədi qarşılıqlı investisiya imkanlarını artırmaq, xüsusilə kiçik və orta bizneslərin inkişafını dəstəkləməklə sahibkarlığı gücləndirmək, yeni iş yerləri yaratmaq, innovasiyaları stimullaşdırmaq və nəticədə TDT ölkələrində iqtisadi və sosial inkişafı təşviq etməkdir. Fond üzv dövlətlərin iqtisadi potensialını səfərbər etmək qabiliyyətinə malik güclü maliyyə alətidir.”
Deputat onu da qeyd edib ki, Azərbaycan TDT-nin ən fəal və təşəbbüskar üzvlərindən biridir: “XXI əsri “Türk əsri” adlandıran Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında dediyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri ölkəmizin yeni dövr xarici siyasətinin “yol xəritəsi”dir. Türk Dövlətləri Təşkilatının mütəmadi görüşlərinin təşkili, eyni zamanda, qurumun genişlənmə xətti tutması “XXI əsri türk əsrinə” çevirməyin tamamilə mümkün olduğundan xəbər verir. Bu proseslərin flaqmanı isə məhz Azərbaycandır. Orta Dəhlizin rəqəmsallaşdırılması, Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarını və ticarəti sadələşdirməyi nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması perspektivləri, Bakıda 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalının inşası TDT-nin nəqliyyat-enerji potensialının reallaşdırılması üçün ilkin şərtlər sırasındadır. Açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməkdədir. TDT ölkələri ilə əməkdaşlığı möhkəmləndirmək üçün isə böyük potensial var. Məsələn, təşkilat 2025-ci ildə birgə ticarəti ən azı 60 milyard, əlavə dəyəri isə 2 trilyon dollara çatdırmağı hədəfləyir.
Həmçinin,
2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard dollar təşkil edib;
Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon dollar sərmayə yatırıb;
ölkəmizdəki birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyə yatırımlarının payı 17,3 faizə bərabərdir;
Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə yatırıb;
xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyalarda türkdilli ölkələrin payı 30 faizə yaxındır.
Türk dövlətləri arasında inteqrativ təmasların güclənməsinə istiqamətlənmiş fəaliyyət bunlarla da yekunlaşmır. Türk xalqlarının yaşadıqları regionlar – Cənubi Qafqaz və Mərkəzi Asiya bir çox geosiyasi üstünlüklərə sahibdir. Məsələn, TDT-nin inkişafı onu göstərir ki, üzv ölkələr yalnız mədəni və sivilizasiyalararası əməkdaşlıqda deyil, həm də beynəlxalq arenada türk dünyasının roluna dair ortaq baxış formalaşdırmaqda maraqlıdır. Təşkilatın gücü həm də bəyanatlardan konkret addımlara keçid imkanında, risklərin birgə qiymətləndirilməsində, pilot layihələrin reallaşdırılmasında və sınaq mexanizmlərinin tətbiqindədir. Birlik çərçivəsində qəbul edilən sənədlər Türk Dövlətləri Təşkilatı üzvlərinin həm siyasi, həm iqtisadi, həm nəqliyyat-enerji, həm də mədəni münasibətlər sferasında beynəlxalq aktorlar sırasında yer almağa başladığının real təsdiqidir”.