Türk dövlətləri arasında vahid InsurTech ekosistemi yaradıla bilər
Zeferinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Türkiyə Sığorta Birliyinin (TSB) Baş katibi Özgür Obalı bildirib.
Onun sözlərinə görə, təşəbbüsün məqsədi sığorta sektorunda ortaq texnoloji infrastrukturun, məlumat mübadiləsi sisteminin və standartların uyğunlaşdırılmasının təmin edilməsidir. Layihə çərçivəsində KYC, elektron imza, bulud texnologiyaları və açıq sığorta (Open Insurance) prinsiplərinin vahid çərçivədə tənzimlənməsi nəzərdə tutulur.
Özgür Obalı qeyd edib ki, “Turkic World Insurance Union” platforması vasitəsilə bu sahədə koordinasiyanın artırılması və regulyativ uyğunlaşmanın təmin olunması təklif edilir. Bununla yanaşı, startap və investisiya mühitinin gücləndirilməsi, ortaq fondların və sınaq layihələrinin (PoC) yaradılması da təşəbbüsün tərkib hissəsidir.
TSB Baş katibi vurğulayıb ki, bu əməkdaşlıq hələ konseptual mərhələdə olsa da, gələcəkdə Türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal transformasiyanın və innovasiyaların birgə inkişafı üçün əsas platforma rolunu oynaya bilər.