Qürur duyuram ki, qəhrəman anasıyam
Təqvimin daha bir ilini yola saldıq. Yola saldığımz il Azərbaycanın tarixində çox önəmli oldu. 2023-cü il Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı idi. 2023-cü il başa çatsa da, lakin Azərbaycanın tarixində Heydər Əliyevin adı daimidir. O, Azərbaycanın xilaskarı, memarı və qurucusudur. Heydər Əliyevin Azərbaycan üçün gördükləri işləri müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. O, ömrünün böyük bir hissəsini canından artıq sevdiyi Azərbaycanın inkişafı, tərəqqisinə həsr etdi. Daim azərbaycanlı olması ilə fəxr edərək, ölkəmizi dünyaya tanıtdı.
Heydər Əliyevin səhhəti və zaman baxımından reallaşdıra bilmədiyi bircə arzusu qaldı. O Azərbaycanı bütöv görmək istəyirdi, Qarabağlı görmək istəyirdi. Ulu öndər bu arzusunun reallaşmasını da daim arxalandığı xalqının dəstəyi ilə, özü qədər inandığı, öz evinin-ocağının, öz məktəbinin yetirməsi olan İlham Əliyevə vəsiyyət etdi. Ata vəsiyyətinin yerinə yetirilməsi bir qədər zaman tələb etdi. Çünki torpaqlarımızın azad edilməsi, on illiklərin, yüz illiklərin münaqişəsinin yaratdığı və arxasında bir çox dünya dövlətlərinin ikili siyasətinin dayandığı böyük bir məsələ idi. Həmin məsələnin çözümü də böyük müdriklik, böyük uzaqgörənlik, böyük əzm və qətiyyət tələb edirdi.
Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev nəhayət ki, 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi, cəmi 44 gün ərzində 30 ilə yaxın işğalda qalan torpaqlarımızı düşməndən azad etdi, böyük Zəfərə imza atdı. 30 ilin deyil, əsrlərin qisasını aldıq. Bu Zəfərlə Azərbaycan bir dövlət və millət olaraq öz gücünü, qətiyyətini bütün dünyaya tanıtdı. Şanlı ordusu, qüdrətli rəhbəri olan bir dövlət kimi özünü təsdiq etdi. Sözügedən Zəfərlə bizim istiqbalımız, müstəqilliyimiz tam oldu, torpaqlarımız bütöv oldu, Qarabağlı olduq. Bu təkcə torpaqlarımızın azad edilməsi qələbəsi deyildi. Birliyimizin, gücümüzün, ləyaqətimizin, qürurumuzun qələbəsi idi. Bu qüruru bizlərə yaşadan, başımızı dikəldən hər kəsə - Müzəffər Ali Baş Komandanımıza, Şəhidlərimizə, Qazilərimizə, yenilməz Ordumuza minnətdarıq.
Mən bu Zəfərdə payı olan, Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazan Qəhrəmanlardan birinin - Xüsusi Təyinatlı Qüvvələrin Kapitanı Şəhid Nurlan Mustafayevin anasıyam. Həmişə millətimə, xalqıma bağlı olmuşam. Oğlumu da bu ruhda böyütdüm. Ona ana sevgisi ilə yanaşı Vətən, millət, torpaq sevgisi də aşıladım. Nurlan üçün Vətən Ana demək idi, Bayraq enməzlik demək idi, Torpaq toxunulmazlıq demək idi.
Oğlum 11 il Vətənə qüsursuz xidmətindən sonra, torpaqlarımızın azad olunması uğrunda gedən müharibəyə qatıldı, hər qarış torpağımız uğrunda bütün varlığı ilə vuruşdu və sonda Şəhadətə yüksəldi. Torpaq, uğrunda ölən varsa Vətəndir. Torpaqlarımızın Vətən olması üçün Şəhid olan igidlərdən birini böyütdüyüm üçün qürurluyam. Fəxr edirəm ki, xalqım, Vətənim qarşısında həm bir vətəndaş, həm də bir ana kimi borcumu ləyaqətlə yerinə yetirmişəm. Ona görə də qürur duyuram ki, yalnız mənim deyil, bütün Azərbaycan xalqının hörmətlə, ehtiramla andığı bir Qəhrəmanın anasıyam.
Bu hörməti, ehtiramı hər an, hər addımımızda hiss edirik. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin bütün dövlət qurumlarına, hər bir məmura bizləri - Şəhid ailələrini, Qaziləri diqqətdə saxlamaq haqqındakı göstərişinə əsasən, daim qayğı və diqqətdəyik. Şəhid ailələrinin və qazilərimizin mənzil təminatı, onların maddi-sosial durumlarının yaxşılaşdırılması, əlilliyi olan müharibə iştirakçılarının müalicəsi, Şəhid övladlarının təhsili və digər bütün qayğıları, genişmiqyaslı sosial dəstək paketi şəklində icra olunur. Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hər bir Şəhid ailəsinə, Qazilərə maddi və mənəvi dəstək olur, sanki hər bir Şəhidin acısını ailələri ilə birgə çəkir.
Möhtərəm Prezidentim, Əziz Mehriban xanım, biz Şəhid ailələri bizə göstərdiyiniz diqqət və qayğını hər addımda hiss edirik və bütün bunlara görə Sizlərə minnətdarıq.
Bu il qarşımızda önəmli bir seçim durur, növbədənkənar Prezident seçkilərinə hazırlaşırıq. Əminəm ki, müdrik Azərbaycan xalqı öz seçimini düzgün edəcək. Sən bizim əbədi Prezidentimizsən, möhtərəm İlham Əliyev. bir vətəndaş, bir ana kimi hər kəsi seçkilərə və düzgün seçim etməyə çağırıram.
Yaşasın Zəfər çalmış Azərbaycan! Qələbəmiz daimi olsun! Bütün bunlar üçün də, Allah daim Sizi, əzminizi, gücünüzü qorusun, möhtərəm Prezidentim!
Xüsusi Təyinatlı Qüvvələrin Kapitanı,
şəhid Nurlan Mustafayevin anası
Rahilə Ramazanova