"Toplum TV" işi üzrə növbəti məhkəmə prosesi keçirilib

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə növbəti məhkəmənin prosesi keçirilib.
Zeferinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktının bir hissəsi elan olunub.
İttiham aktının təqsirləndirilən Ələsgər Məmmədli və Akif Qurbanova aid olan hissəi məhkəmədə elan olunub.
Həmçinin iş üzrə təqsirləndirilən Ələsgər Məmmədli və Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barəsində seçilən həbs qətimakan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəmə qarşısında vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti prosesi 2 iyunda keçiriləcəkdir.
Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.