Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir

Teyyare qezasi ile elaqedar ombudsmanlarin isci qrupunun fealiyyeti davam edir

Məlumat verildiyi kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Azərbaycanın, Qazaxıstanın, Rusiyanın, eyni zamanda, Rusiya Federasiyası Çeçenistan Respublikasının ombudsmanlarının iştirakı ilə birgə işçi qrup yaradılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Zeferinfo.az-a bildirilib ki, işçi qrupa daxil olan son məlumatlara əsasən, qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15-i Azərbaycan, 8-i Rusiya, 3-ü Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki, müəyyən edilməyib.

Qeyd edilib ki, xəstəxanaya yerləşdirilmiş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.

Məsələ Azərbaycan ombudsmanının diqqət mərkəzindədir.