Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi – FOTO/VİDEO

Tehsilde muasir TRENDLER - Pedaqoqlar ucun suni intellekt movzusunda interaktiv sessiya kecirildi – FOTO/VIDEO

Hazırda oxunan: Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi – FOTO/VİDEO

13 may tarixində Dünya İB Məktəbində “Təhsilin Gücləndirilməsi: Süni İntellektin İmkanları” mövzusunda interaktiv sessiya keçirilib.
Bizim.Media xəbər verir ki, sessiya “Marklab Media” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Sessiyada məktəbin müəllim kollektivi və administrativ heyəti iştirak edib.
İnteraktiv sessiyanın aparıcısı Gamepons şirkətinin təsisçisi, süni intellekt üzrə ekspert və “deeplearning.ai”nin Azərbaycandakı səfiri Vüsal Kərimli olub.


Sessiyanı giriş sözü ilə açan Vüsal Kərimli təhsilin mövcud problemləri - motivasiya azlığı və müəllimlərin artan yükü ilə bağlı fikirlərini bölüşüb. O, sözügedən problemlərin həlli istiqamətində süni intellektin rolunu geniş şəkildə izah edib. Vüsal Kərimli təhsil mühitində AI texnologiyalarının tətbiqinin labüdlüyünü və bu prosesə pedoqoqların rəhbərlik etməli olduğunu vurğulayıb.
Müəllimlər üçün rəqəmsal dəstək: effektivlik və yaradıcılıq


Sessiyada müəllimlər üçün nəzərdə tutulmuş süni intellekt alətləri – o cümlədən ChatGPT və Eduaide.ai – nümayiş etdirilib.
İnteraktiv sessiyada müzakirə olunan əsas mövzulardan biri də fərdiləşdirilmiş öyrənmə təcrübəsi olub. Vüsal Kərimli qeyd edib ki, adaptiv platformalar (məsələn, Century Tech və Squirrel AI) şagirdlərin bilik səviyyəsinə uyğun dinamik öyrənmə mühiti yaradır.
Oyunlar vasitəsilə öyrənmək


Sessiyanın ən maraqlı hissələrindən biri gamifikasiyanın, yəni oyun elementlərinin  təhsildə rolu ilə bağlı olub. Vüsal Kərimli vurğulayıb ki, AI şagirdlərə “missiya” və “səviyyə” şəklində təqdim olunan öyrənmə yolları quraraq onlarda motivasiyanı artırır.
Gələcəyin sinif otaqları və idarəetmə alətləri
İnteraktiv sessiyada AI ilə təchiz edilmiş sinif otaqları, AR/VR texnologiyalarının tətbiqi, eləcə də təhsil müəssisələrinin idarə edilməsində süni intellektin rolu (risklərin proqnozlaşdırılması, resurs planlaması və s.) təqdim olunub.


Sessiyanın sonunda Vüsal Kərimli süni intellektin təhsil sahəsində tətbiq olunmasında etik prinsiplərin əhəmiyyətindən də bəhs edib. O bildirib ki, AI-nin təhsildə tətbiqində məlumat təhlükəsizliyi, önyarğıların qarşısının alınması və müəllimin insani rolunun qorunması prioritet olmalıdır. Vüsal Kərimli texnologiyanın müəllimi əvəz etmədiyini, əksinə, pedoqoqların təsir imkanlarını gücləndirdiyini vurğulayıb.
Gələcək inkişafa aparan yol
Sessiya pedaqoqlar üçün həm yeni texnoloji vasitələrlə tanışlıq, həm də bu vasitələrin dərs prosesinə necə inteqrasiya edilə biləcəyi ilə bağlı praktiki biliklərlə zəngin olub.


Qeyd edək ki, Marklab Media və Dünya İB Məktəbi bu cür təşəbbüslərlə təhsildə transformasiyanı dəstəkləməyi və müəllimləri bu yolun əsas liderinə çevirməyi qarşısına məqsəd qoyur.
Texnologiya vasitədir – məqsəd isə daim güclü və şagirdmərkəzli təhsildir.