TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TEBIB: Metroda dogulan korpe suni teneffus aparatindan ayrilib, veziyyeti yaxsilasir
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn körpənin səhhətində müsbət dinamika müşahidə olunur.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib. Vəziyyətində yaxşılaşma müşahidə olunur:

"Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir",- bildirilib.

Qeyd edək ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında oğlan uşağı dünyaya gəlib.