TƏBİB: İnfeksiyalar və qrip epidemiyaları fonunda yetərli çarpayı ehtiyatı var
Artan respirator infeksiyaların və qrip epidemiyaları fonunda yetərli sayda çarpayı ehtiyatı var.
Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hər il payız-qış mövsümlərində kəskin respirator infeksiyaların və qrip epidemiyalarının yayılması müşahidə edilir. Qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün TƏBİB tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur.
"Virusun simptomlarına hərarət, burun axıntısı və tutulması, boğaz ağrısı, öskürək, halsızlıq, baş ağrısı, bəzən isə ürəkbulanma, qusma aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə, mütləq həkimə müraciət olunmalıdır", - məlumatda qeyd olunub.