TDT-yə üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, elmi-tədqiqatların aparılması birgə fəaliyyətimizin əsas istiqamətlərindəndir - Səhiyyə naziri

TDT-yə üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, elmi-tədqiqatların aparılması birgə fəaliyyətimizin əsas istiqamətlərindəndir.
Zeferinfo.az xəbər verir ki, bunu bu gün Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən TDT üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türk dünyası tarixən müxtəlif çətinliklərlə üzləşib, lakin bütün bəşəri sınaqlardan uğurla keçərək daha da güclənib və inkişaf edib.
O qeyd edib ki, ötən ilin dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi məcburi eniş zərurəti ilə bağlı Aktau şəhəri hava limanı istiqamətində uçmağa başlamış, eniş zamanı qəzaya uğramışdır.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə qəzadan dərhal sonra Azərbaycanın dövlət qurumlarından ibarət heyət Aktau şəhərinə ezam edilmişdir. Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezident Qazaxıstan xilasedicilərinin və tibb personalının peşəkar fəaliyyətini yüksək qiymətləndirmiş, onların əsl qəhrəmanlıq göstərdiklərini qeyd etmişdir.
Fürsətdən istifadə edərək, qəza nəticəsində həlak olanların yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirəm. Qəza baş verən gün biz bir neçə dəfə xanım nazir Akmaral Alnazarova ilə telefon əlaqəsi saxladıq. Hadisənin baş verdiyi ilk dəqiqələrdən xanım Alnazarova başda olmaqla, Qazaxıstanlı tibb işçiləri böyük dəstək və fədakarlıq göstərdi. Vaxtında və yüksək peşəkarlıqla göstərilən tibbi yardım nəticəsində yaralılar sağ qalmış və sonradan həyati təhlükə olmadan ölkələrinə təxliyə olunmuşlar. Qeyd etmək istərdim ki, yalnız Aktauda deyil, Qazaxıstanın bir neçə əyalətində iki gün ərzində minlərlə insan könüllü şəkildə qan vermişdir. Qazaxıstanlı qardaş və bacılarımızın göstərdikləri həmrəylik Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır", - nazir əlavə edib.
Nazir vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynamışdır:
"Dörd əsas sütun: ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan təşkilatın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və dəstəyinin nəticəsidir.
2024-cü ilin sentyabr ayında Ortaq Türk Əlifbasının qəbul edilməsi ən ali səviyyədə göstərilən dəstək sayəsində mümkün olmuşdur.
Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin 4-cü iclasının Şuşa şəhərində keçirilməsi tarixi və qürurverici hadisə idi. Bunun məntiqi davamı olaraq, Şuşa şəhərində keçirilən 4-cü iclasda Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolu imzalanmışdır.
Donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant Niyyət Protokolunun imzalanmasında göstərdiyiniz dəstəyə görə Sizlərə təşəkkür edirəm".
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi - tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik.
"Prezident İlham Əliyevin: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşmaqda olduğunu görürük və əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik".