TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısı keçirilib

TŞ-dan Zeferinfo.az-a verilən xəbərə görə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələrinin iştirak etdiyi toplantıda bu gün dünyada baş verən sürətli dəyişiklər şəraitində, konkret olaraq, Təşkilata üzv dövlətlər məkanında terrorizm, ekstremizm, separatizm, kibercinayətkarlıq və digər çağırışlarla bağlı görülən tədbirlər, eləcə də Suriya Ərəb Respublikasında baş verən hadisələrin, Əfqanistandakı vəziyyətin Türk Dövlətləri Təşkilatina üzv ölkələrin təhlükəsizliyinə və sabitliyinə təsiri, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müzakirə olunan məsələlərlə bağlı çıxış edib.
Digər çıxış və müzakirələrdə qardaş ölkələrin təmsilçiləri müvafiq qurumlar arasında qeyd olunan sahələr üzrə əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini, mövcud təhdidlərlə bağlı səmərəli əməkdaşlığın zəruriliyini qeyd etmiş, artmaqda olan müasir çağırış və təhdidlərlə mübarizədə informasiya, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin, birgə təlim və treninqlərin keçirilməsinin, beynəlxalq müstəvidə vahid mövqeyin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Həmin gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı regional və beynəlxalq sabitliyin arxitekturasında mühüm yer tutan üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Qırğız Respublikasının rəhbəri, bu gün regional və beynəlxalq sabitliyin arxitekturasında mühüm yer tutan Türk Dövlətləri Təşkilatına üzv olan dost və qardaş dövlətlərin əməkdaşlığının xarici siyasət, ticarət, enerji və “yaşıl iqtisadiyyat”dan tutmuş turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər geniş əhatə etdiyini vurğulayıb.
O, Təhlükəsizlik Şuraları katiblərinin bu görüşünün ölkələrimiz arasında əməkdaşlığın və türk dövlətləri məkanında sabitliyin daha da möhkəmləndirilməsinə öz töhfə verəcəyinə əmin olduğunu bildirib.