TDT ölkələrinin qeyri-hökumət təşkilatları forumu işini Naxçıvanda davam etdirir
Zeferinfo.az xəbər verir ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forumdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib.
Qeyd edək ki, Naxçıvanda keçirilən forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Qeyd edək ki, bu yaxınlarda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşıb. Dünən Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış tədbiri keçirilib.