TDT ölkələri Türk dünyası MSK-nın Məşvərət Platformasını yaradıblar

Bu barədə Zeferinfo.az-a Qazaxıstan MSK-nın mətbuat xidmətinə istinadən xəbər verib.
Məşvərət Platforması Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaradılıb. Azərbaycanı tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Mərasimdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın mərkəzi seçki orqanlarının rəhbərləri iştirak ediblər.
Məlumatda qeyd olunub ki, TDT ölkələrinin mərkəzi seçki orqanlarının Məşvərət Platformasının yaradılması təşəbbüsü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2023-cü il noyabrın 3-də Astanada təşkilatın 10-cu yubiley sammitində irəli sürülüb. Platformanın yaradılması haqqında qərar bütün türk dövlətlərinin başçıları tərəfindən yekdilliklə dəstəklənib və TDT-nin 11-ci sammitinin Bişkek Bəyannaməsində (ötən il noyabrın 6-da imzalanıb) qeyd olunub.
Məşvərət Platformasının yaradılması haqqında imzalanmış Əsasnaməyə əsasən, TDT ölkələrinin mərkəzi seçki orqanları arasında sistemli əməkdaşlıq qarşılıqlı anlaşmanın gücləndirilməsinə və seçki proseslərinin səmərəliliyinin artırılmasına kömək edəcək. Bundan başqa, platforma türk ölkələrini seçkilərdə və referendumlarda beynəlxalq müşahidəçi missiyalarının təşkili yolu ilə çoxtərəfli əməkdaşlığı və koordinasiyanı inkişaf etdirməyə təşviq edir.
Məşvərət Platforması həmçinin seçki prosedurları sahəsində məlumat, qabaqcıl təcrübə mübadiləsini, seçki proseslərinə innovativ yanaşmaların və texnologiyaların tətbiqini və s. təmin etməyə xidmət edir.